Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Azərbaycan Xalq Cümhuriyyəti: 100 sual, 100 cavab” kitabını nəşr edib.
Fonddan bildiriblər ki, kitab Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və 2018-ci ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncamları ilə açılır.
Nəşrin tərtibçisi Bilik Fondunun sektor müdiri Hacı Abdulla, elmi redaktoru Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Anar İsgəndərlidir.
“Mütərcim” Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzində işıq üzü görən 152 səhifəlik kitabda Cümhuriyyətin tarixi, qurucuları, dövlət atributları, qəbul etdiyi qanun və qərarları, ən mühüm hadisələrin xronologiyası qısa şəkildə verilməklə yanaşı, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Cümhuriyyət haqqında fikirləri də əksini tapıb.
Kitabın nüsxələri respublikamızın təhsil müəssisələrinə, mədəniyyət evlərinə, kitabxanalara, bilik evlərinə paylanılır.
Kitabın elektron variantı ilə Bilik Fondunun saytında tanış olmaq mümkündür.