Oktyabrın 8-dən 12-dək Azərbaycanda Xalq mahnıları festivalı keçiriləcək. Bu barədə Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov məlumat verib.
Festival “Mədəniyyət” kanalının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşəbbüsü ilə keçiriləcək.
Festival çərçivəsində musiqişünasların iştirakı ilə elmi simpozium, Xalq çalğı alətləri ansambllarının çıxışı, vokal gecəsi, sərbəst caz axşamının keçirilməsi nəzərdə tutulur.
Festivalın tamaşaçıları trio və televiziyanın “Xatirə” ansamblının müşayiəti ilə mərhum və müasir bəstəkarların unudulmuş xalq mahnılarını dinləmək imkanı qazanacaqlar. Xalq mahnıları həm də Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına xorunun ifasında səslənəcək.
Festivalın sonuncu günü Əməkdar artist, vokalçı Ramil Qasımov xalq mahnılarının simfonik orkestr üçün işləmələrini ifa edəcək.