Fransanın “France musique” radiostansiyasının klassik musiqiyə həsr edilmiş verilişində görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və yaradıcılığı haqqında məlumat verilib, əsərləri səsləndirilib.

Parisdə keçirilən Yevgeni Svetlanov adına IV dirijorlar müsabiqəsinin bədii direktoru Röne Körinq verilişdə Qara Qarayevin musiqi aləminə töhfələrindən söz açıb. “Hər bir skripkaçı Qara Qarayevin “Skripka ilə orkestr üçün konsert” əsərini ifa etməlidir. Bu əsər şedevrdir”, – deyə o, bəstəkarın əsərlərinin yüksək məziyyətlərini qeyd edib.

O, Q.Qarayevin E.Svetlanovla dostluğundan söz açaraq xatırladıb ki, rus dirijoru bütün konsert proqramlarına onun əsərlərini daxil edib.

R.Körinq həmçinin Azərbaycanın bənzərsiz opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin E.Svetlanovun mahnılarını ifa etdiyini də vurğulayıb.

Verilişdə Q.Qarayevin “Skripka ilə orkestr üçün konsert” əsəri, “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərindən və digər əsərlərindən parçalar səsləndirilib.

Fransanın mezzo.tv kanalında da Q.Qarayev haqqında danışılaraq, onun əsərlərindən parçalar səsləndirilib.

Fransa radio və televiziyasında görkəmli bəstəkar Qara Qarayevə həsr edilmiş verilişlər Fransadakı səfirliyimizin, AZƏRTAC-ın və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) birgə əməkdaşlığı ilə reallaşıb.