Lənkəran Dövlət Dram Teatrı özünün 128-ci mövsümünə sentyabrın 18-də Biləsuvar rayonunda start verəcək. Teatrın direktoru Tofiq Heydərovun sözlərinə görə, truppa rayon Mədəniyyət mərkəzinin səhnəsində yazıçı Hafiz Mirzənin “Moskvalı gəlin” tamaşası ilə çıxış edəcək.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Adil Zeynalov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Qızılgül Quliyeva, Allahverən Babayev, Səyad Əliyev, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov ifa edirlər.
Direktor qeyd edib ki, hazırda teatrın rejissorları Adil Zeynalov və Emil Əsgərov paralel olaraq iki səhnə əsərinin – başqırd dramaturqları Süleyman və Həmdiyə Lətipovların “Evlən, oğul, evlən!...” və Əjdər Olun “Meşəbəyinin dostları” pyeslərinin məşqlərini aparırlar. Kollektiv yeni mövsümdə teatr festivallarına və qastrol səfərlərinə də qatılacaq.
Yaradıcılıq əlaqələri inkişaf edir
Yeri gəlmişkən, Lənkəran teatrının direktoru Tofiq Heydərov sentyabrın 1-dən 5-dək İranın Mərivan şəhərində keçirilən Beynəlxalq meydan tamaşaları festivalında ekspert qismində iştirak edib.
Onun sözlərinə görə, festival çərçivəsində oynanılan tamaşalar xalqların və mədəniyyətlərin bir-birinə nə qədər yaxın olduğunu nümayiş etdirib: “Müxtəlif ölkə teatrlarının rejissor və aktyorları ilə apardığımız söhbətlər bir daha sübut etdi ki, sənət sərhəd tanımır”.
Lənkəran teatrının direktoru Mərivandan sonra Tehran şəhərinə gəlib və burada rəhbərlik etdiyi kollektivlə bağlı bir sıra layihələrin planlaşdırılması məsələlərində iştirak edib. İran İslam Respublikasının Teatr Sənəti Baş İdarəsinin rəisi Şəhram Kərəmi, Beynəlxalq Fəcr festivalının rəhbəri Nadir Burhanimərənd, Tehran Mərkəzi Teatrının rəhbəri Fazil Əsədi və digər şəxslərlə görüşlərdə qarşılıqlı əlaqələr barədə müzakirələr aparılıb. Qonşu ölkənin türkdilli vilayətlərində truppanın qastrol səfərlərinin təşkil edilməsi, Lənkəran teatrının rejissor və aktyorlarının İran teatrlarında təcrübə keçməsi barədə ümumi razılıq əldə olunub.