“İuda” tamaşası Aktauda nümayiş olunacaq
Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Akademik Milli Dram Teatrı ölkəmizi Qazaxıstanda keçirilən beynəlxalq teatr festivalında təmsil edəcək.
12-16 sentyabr tarixində Aktau şəhərində təşkil olunacaq Xəzəryanı Ölkələrin II Beynəlxalq Teatr Festivalında Akademik Milli Dram Teatrı “İuda” tamaşası ilə iştirak edəcək.
Qazaxıstanın məşhur teatr və kino aktyoru Nurmuxan Janturinin 90 illik yubileyinə həsr olunmuş festivala İran, Türkmənistan, Başqırdıstan və Tatarıstandan da teatrlar qatılacaq.
Akademik Milli Dram Teatrının “İuda” monotamaşası sentyabrın 16-da teatrsevərlərə nümayiş etdiriləcək.
Rejissor Anar Babalının quruluş verdiyi tamaşa Əməkdar artist Ayşad Məmmədovun eyniadlı monopyesi əsasında hazırlanıb. Səhnə əsərində Ayşad Məmmədov özü çıxış edir.
Tamaşanın rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır. Əsər bəşəri mövzulardan olan insan xəyanətkarlığından, İsa Məsihin həvarilərindən İudanın satqınlığından bəhs edir. İuda İsa Məsihi satdığına görə vicdan əzabından qurtula bilmir. Səhnə əsəri İudanın daxili aləmini və özünə bəraət qazandırma cəhdini, onu belə addım atmağa sövq edən motivləri açıb göstərir.