18-26 sentyabr tarixində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalında Azərbaycan Dövlət Musiqili Teatrı da iştirak edəcək. Kollektiv festival günlərində dahi bəstəkarın ölməz əsərlərini – “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarını və Hacıbəylilər nəslinin həyatından bəhs edən “Nuri-didə Ceyhun” (Əli Əmirli) tamaşasını nümayiş etdirəcək.

“Üzeyir Hacıbəyli Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən böyük simalardan biridir. Müsəlman Şərqində novatorluğu ilə seçilən, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi olan bu dahi şəxsiyyət adını qızıl hərflərlə tarixə yazdırıb. Onun əsərləri dünya musiqisinin incilərindən sayılır. Kollektivimiz Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalına xüsusi hazırlaşıb”, - deyə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev söyləyib.

Teatr 109-cu mövsümünü sentyabrın 20-də “O olmasın, bu olsun” komediyası ilə açacaq. Sentyabrın 22-də “Arşın mal alan” operettası, 23-də isə “Nuri-didə Ceyhun” tamaşası göstəriləcək.