Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni mövsümünün açılışına hazırlaşır. 87-ci mövsümdə də teatrsevərlərə yeni, maraqlı səhnə əsərləri vəd edən yaradıcı kollektiv tamaşaçılarını sentyabrın 15-də qarşılayacaq.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, həmin gün izləyicilər “Əlibaba və qırx quldur” tamaşasına baxacaqlar. “Min bir gecə” nağıllarından tanıdığımız tamaşanın səhnələşdirmə və quruluşu rejissor Anar Məmmədova məxsusdur. Ecazkar Şərq elementləri ilə zəngin tamaşanın səhnə tərtibatlını teatrın baş rəssamı İqbal Əliyev verib. Musiqi tərtibatı dahi Fikrət Əmirovun dünya şöhrətli “Min bir gecə” baleti əsasında qurulub. Rolları Rəhim Rəhimov, Cavid İbrahimov, Samirə Nəcəfova, Araz Həsənli, Elnur Xəlilov, Aygül Ağayeva, Elmira Hüseynova və Adil Dəmirov ifa edirlər.
Balaca teatrsevərlər mövsümün açılışı günündə həmçinin Mikayıl Müşfiqin xalq nağılı əsasında qələmə aldığı əsər əsasında səhnələşdirilmiş “Şəngülüm, Məngülüm” tamaşasını izləyə biləcəklər.
Yaradıcı heyət yeni mövsümdə ilk premyerasını sentyabrın sonunda təqdim edəcək. Tamaşaçılar rus bölməsi üçün hazırlanan “Üç cəsur”u izləyəcəklər. Mirmehdi Seyidzadənin “Cırtdan” mənzum pyesinin motivləri əsasında Rəhman Əlizadənin səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru və rus dilinə tərcümə edəni Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur.