Qazaxıstan paytaxtının gənc balet teatrı İtaliyanın Milan şəhərinə və Monakoya qastrola yollanıb. 2012-ci ildə ölkə başçısı Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılmış “Astana Balet”in səfəri Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin həyata keçirdiyi “Ruxani janğıru” (“Mənəvi müasirlik”) milli proqramı çərçivəsində baş tutub.
Kollektiv ilk olaraq Milanın tarixi hissəsində yerləşən qədim Nuova teatrında çıxış edib.
Teatrın truppası Avropaya orijinal məzmunlu proqram aparıb. “Astana Balet Qala” proqramı əsasən milli xoreoqrafiya nümunələrinin yeni tərzdə interpretasiyası üzərində qurulub.
Teatrın baş baletmeysteri Mükərəm Avaxri bu barədə deyib: “Truppamız gənc olsa da, rəngarəng repertuarımız sürətlə formalaşır. Biz xaricə çıxarkən məqsədyönlü olaraq belə bir proqram seçirik: çünki “Astana Balet Qala” bizim repertuar siyasətimizin özəyidir. Milli musiqi, stilizə olunmuş rəqs nömrələri, miniatürlər milli mədəniyyətin ruhunu və enerjisini özündə daşıyır”.
Milandakı məşhur “La Skala” teatrının pedaqoq-xoreoqrafı Anna Olxovaya öz təəssüratını Qazaxıstanın “24kz” telekanalı ilə bölüşüb:
- Təəssüratım çox yaxşıdır. Artistlər həvəslə rəqs edirdilər, çox maraqlı xoreoqrafiya qurulmuşdu, kostyumların dizaynı gözəl seçilmişdi. Solistlərin hazırlıq səviyyəsinə söz ola bilməz. Musiqinin səslənişi və zəngin bədii obrazlar heç vaxt tamaşaçının yaddaşından silinmir.
“Astana Balet” teatrı yarandığı qısa müddət ərzində Moskva, Pekin, Paris, Vyana və digər şəhərlərdə çıxış edib. Bu cür səfərlər gənc truppaya böyük yaradıcılıq stimulu və yeni auditoriya qarşısında öz qabiliyyətini göstərmək imkanı yaradır.
Kollektiv həftəsonu Monakoda, “Grimaldi Forum” səhnəsində çıxış edəcək.
Gülcahan MİRMƏMMƏD