Milli səhnəmizin ilk qadın vokal ifaçılarından olan, şöhrəti ölkələr dolaşan Fatma Muxtarova. Bənzərsiz istedadı - ecazkar və şaqraq (metso-soprano) səsi ilə bütün not düzümlərində özünü tam sərbəst hiss edən səhnə xadimi. Ömrünü opera sənətinə həsr edən bu cənublu soydaşımız Azərbaycan səhnəsində silinməz iz qoyub. 

Fatma Səttar qızı Muxtarova 26 mart 1893-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində dünyaya göz açıb. O, kiçik yaşlarında olarkən ailəsi Rusiyaya köçərək Rostovda, bir neçə il sonra Sankt-Peterburqda məskunlaşırlar. Lakin ailə ağır məhrumiyyətlərlə üzləşir - Fatma atasını itirir. Peterburqda heç bir yaxın qohumu və simsarı olmayan ailə çətin duruma düşür. Gözəl və şirin səsli, rus dilində sərbəst danışmağı bacaran qızcığaz qürbət eldə bir parça çörək üçün ağır zəhmətlərə qatlaşır. Əvvəlcə şarmanka çalıb-oxuyur, sonralar ifaçılığını qarmonun müşayiəti ilə davam etdirir. Amma həyat heç də həmişə insana boz üzünü göstərmir. “Katya” təxəllüsü ilə tanınan Fatma çox keçmir rus meydan teatrının təmsilçilərinə qoşulur. Günlərin birində yeniyetmə yaşına qədəm basan Fatma xalq teatrı truppasının tərkibində Saratova gəlir. İstedadlı müğənnini təsadüfən “Saratovskiye vedomosti” qəzetinin redaktoru A.Arxangelski də dinləyir. Bu qarabəniz, gözləri nur saçan qızın məlahətli, ecazkar ifasına heyran olur. O, elə həmin gün bu barədə Saratov Konservatoriyasının professoru M.Medvedyevə danışır. Bu iki ziyalının xeyirxahlığı sayəsində o daha ciddi sənət aləminə qovuşur.

Rusiyada vətəndaş müharibəsi illərində Fatma Muxtarova təbliğat-konsert briqadalarının tərkibində çıxış etməyə başlayır. Qırmızı ordunun döyüş bölgələrində konsertlər verir. 1920-ci ildən başlayaraq Kazan, Sankt-Peterburq, Kiyev, Xarkov, Odessa və Tiflis opera teatrlarında səhnəyə çıxır. Avropa və rus klassik sənətkarlarının əsərlərinin füsunkar ifaçısı kimi şöhrət tapır.

Məlahətli ifası, özünəməxsus səhnə mədəniyyəti onun tez-tez bir teatrdan başqa bir teatra dəvət olunması ilə nəticələnir. Lakin Fatma Azərbaycan səhnəsində çıxış etmək arzusunda idi. Bu məqsədlə 1923-cü ildə Azərbaycan peşəkar teatrının 50 illiyi ilə bağlı bir təbrik məktubu göndərir. Məktubda belə yazırdı: “Gənc Azərbaycan teatrına rus opera səhnəsindəki ilk müsəlman qadından salam! Azərbaycan opera səhnəsində də ilk müsəlman qadın olmaq arzusu ilə yaşayıram...”.

F.Muxtarova 1923-cü ildə Bakıya gəlir. İlk olaraq J.Bizenin “Karmen” operasında səhnəyə çıxır. Bütün tamaşa boyu onun özünəməxsus ifası seyrçilər tərəfindən sürəkli alqışlarla qarşılanır. Həmin vaxt tamaşaçılar arasında olan tanınmış rus rəssamı İ.Brodski baş qəhrəmanı F.Muxtarovanın ifasında dinləyir və bu bənzərsiz sənətçini dünyanın ən gözəl Karmeni kimi dəyərləndirir.

Sənətkar 1928-ci ildə daimi yaşamaq üçün Bakıya köçür. Azərbaycan opera səhnəsində bənzərsiz obrazlar yaradır. Sənətin kamillik zirvəsinə çatan, vokal ifaçılığının ən zərif və emosional incəliklərini mənimsəyən aktrisa 1953-cü ilə qədər Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olur. Bu teatrın səhnəsində Marfa və Marina, (“Xovanşina” - M.Musorqski), Lyubaşa, Bahar (“Çar gəlini”, “Qar qız” – N.Rimski-Korsakov), Amneris, Madalena (“Aida”, “Trubadur”, “Riqoletto” - C.Verdi), Əzra (“Nizami” - Ə.Bədəlbəyli), Qrafinya Polina (“Qaratoxmaq qadın” - P.Çaykovski), Vanya (“İvan Susanin” - M.Qlinka) və s. obrazları yaradan F.Muxtarova tamaşaçıların yaddaşında əbədi iz salır. Mütəxəssislər Karmen partiyasını onun yaradıcılığının zirvəsi hesab ediblər. O bu partiyanı həm Azərbaycan, həm də rus dilində bənzərsiz tərzdə ifa edib.

Onu da deyək ki, F.Muxtarova müxtəlif opera teatrlarının səhnəsində klassik ifaçılardan Fyodor Şalyapin, Bülbül, Sergey Lemeşevlə birgə çıxış edib. Solist kimi dünyanın bir sıra konsert salonlarında möhtəşəm çıxışları sənətsevərlərin könlünü oxşayıb.

Tiflis opera teatrının səhnəsində qazandığı nailiyyətlərə, milli opera sənətimizin inkişafındakı böyük xidmətlərinə görə vokal ustası 1936-cı ildə Gürcüstanın Əməkdar artisti, 1940-cı ildə isə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülüb. Fatma Muxtarova 19 oktyabr 1972-ci ildə Bakıda vəfat edib.

SAVALAN