Sentyabrın 12-də Samux şəhər 3 nömrəli tam orta məktəbində 21 sentyabr – Beynəlxalq Sülh Gününə həsr olunan “Qoy həmişə sülh olsun!” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Samux rayonu üzrə nümayəndəsinin təşəbbüsü ilə rayon təhsil şöbəsi tərəfindən təşkil olunub.
Fondun yerli nümayəndəsi Nuridə Həsənova 1981-ci ildə BMT Baş Assambleyasının qərarı ilə təsis edilmiş gün barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycan ilə Ermənistan arasında atəşkəs sazişinin imzalanmasından 24 il keçir. Ermənistan isə hələ də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməyə etinasız yanaşır, atəşkəsin mütəmadi pozulması halları baş verir. Vurğulanıb ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdar olsa da, qarşı tərəf təcavüzkar siyasətindən əl çəkmir.
Tədbirdə şagirdlərin hazırladıqları bədii kompozisiya nümayiş olunub.