Daha iki yeni tamaşa üzərində iş gedir
Sumqayıt Dövlət Dram Teatrı özünün 51-ci mövsümünü sentyabrın 25-də mütəfəkkir şair-dramaturq Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş “Zülmətdə nur” tamaşası ilə açacaq.
Əsərin müəllifi Nizami Muradoğlu, tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir.
Əsas obrazları əməkdar artistlər İlahə Səfərova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, İzaməddin Bağırov, aktyorlar Habil Xanlarov, Oqtay Mehdiyev, Şəmistan Süleymanlı, Sədaqət Nuriyeva və başqaları ifa edirlər.
Bundan əlavə, teatr yeni mövsümdə tamaşaçıların qarşısına iki yeni tamaşa ilə çıxacaq.
Səhnə əsərlərindən biri Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” pyesi əsasında hazırlanır. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədov, quruluşçu rəssamı Arif Müzəffərov, musiqi tərtibatçısı isə Telman Qəniyevdir. Premyera noyabr ayının əvvəllərinə planlaşdırılıb.
Rus xalq nağılı əsasında səhnələşdirilən “Ağıllı dovşan” adlı tamaşanın isə pyes oxunuşlarına başlanılıb. Məktəblilər və kiçikyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş əsərin quruluşçu rejissoru və musiqi tərtibatçısı Ayla Osmanova, quruluşçu rəssamı Nizami Dadaşov, səhnə hərəkəti, plastika və rəqslərin quruluşçusu Ceyhun Dadaşovdur.
Əsərdə hər işdə ağılın, dərrakənin gücü ilə çətin vəziyyətdən çıxmaq bacarığı, hiyləyə və yalana uymamaq, nəciblik və xeyirxahlıq hisləri aşılanır.
Tamaşa oktyabrın ortalarında təqdim olunacaq.