Azərbaycan Respublikası Kinematoqrafiya İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova və Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının qonağı olublar.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov qonaqları əsaslı təmir olunmuş teatr binası ilə tanış edib, 50 illik yubileyini qeyd etməyə hazırlaşan sənət ocağı barədə məlumat verib.
Qonaqlar, həmçinin Sumqayıt teatrının hazırladığı yeni tamaşanın məşq prosesini izləyib, yaradıcı heyətilə görüşüb, onlara uğurlar arzulayıblar.
Daha sonra onlar Sumqayıt Heydər Əliyev Mərkəzində olub, dənizkənarı bulvarda gəzib, Bayraq Muzeyinə baş çəkiblər.
Xalq artisti Ş.Məmmədova şəhərlə tanışlıqdan sonra təəssüratlarını bölüşüb: “Mən Sumqayıt teatrında 30 il bundan əvvəl olmuşam və M.Lermontovun “Maskarad” tamaşasını izləmişəm. Sumqayıt şəhərinin füsunkar şəkildə dəyişməsi, gözəlləşməsi insanda qürur hissi yaradır. Şəhərin küçələri, aparılan abadlıq işləri, teatr binasının təmiri, dənizkənarı bulvar məni, sözün əsl mənasında, heyran etdi”.
Əməkdar incəsənət xadimi Ə.Lalayev də səfərdən məmnunluğunu ifadə edərək Sumqayıt Dövlət Dram və Dövlət Musiqili teatrları arasında yaradıcılıq mübadiləsinin qurulmasına tərəfdar olduğunu bildirib.