Bu bayram günündə biz birlikdəyik. Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan və Türkiyə vətəndaşlarını ürəkdən təbrik etmək istəyirəm. Azərbaycanın rəmzlərindən biri olan Azadlıq meydanından bütün türk bacı-qardaşlarımıza səmimi salamlarımı, sevgimi, məhəbbətimi çatdırıram.

Prezident İlham Əliyev bu sözləri sentyabrın 15-də “Azadlıq” meydanında Azərbaycan və Türkiyə hərbçilərinin Bakı şəhərini daşnak-bolşevik işğalından azad etməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında deyib.

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, iki qardaş ölkənin dövlət rəsmiləri, millət vəkilləri iştirak ediblər.

Hərbi orkestr Türkiyənin və Azərbaycanın dövlət himnlərini ifa etdikdən sonra sözləri görkəmli Azərbaycan şairi Əhməd Cavada, musiqisi dahi bəstəkar Üzeyir Hacıbəyliyə məxsus “Çırpınırdın, Qara dəniz” mahnısı səslənib. Daha sonra ölməz sənətkar Müslüm Maqomayevin ifasında “Azərbaycan” mahnısının sədaları “Azadlıq” meydanına yayıldı.

Prezident İlham Əliyev bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin bizim üçün fəxarət mənbəyi olduğunu vurğulayıb: “Biz fəxr edirik ki, bu respublikanı yaradan Azərbaycan xalqı olmuşdur. Ancaq gənc müstəqil Azərbaycan böyük çətinliklərlə üzləşmişdi. Azərbaycan hökuməti öz ərazisinə tam nəzarət edə bilmirdi. Bakı şəhəri və bir neçə başqa şəhər işğal altında idi. Azərbaycan hökuməti Gəncə şəhərində yerləşmiş və orada fəaliyyət göstərmişdi. Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır”.

Dövlət başçısı türkiyəli həmkarı ilə birlikdə şəhidlərin məzarlarını ziyarət etdiklərini diqqətə çatdıraraq deyib: “Onların məzarları yan-yanadır. Onlara Allahdan rəhmət dilədik, onların xatirəsi bizim qəlbimizdədir və onların göstərdikləri qəhrəmanlıq bu gün Türkiyə və Azərbaycan birliyini daha da möhkəmləndirir.

Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki ildən sonra Cümhuriyyət süqut etdi. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etmişdir və bizi ilk tanıyan Türkiyə olmuşdur. Bu da bir qardaşlıq nümunəsi idi.

Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun...”.

Prezident vurğulayıb ki, 15 sentyabr Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür: “Biz bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir”.

* * *

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paradda çıxış edərək 100 il əvvəl iki qardaş xalqın övladlarının nəsildən-nəslə qürurla xatırlanacaq şanlı bir dastan yazdıqlarını deyib: “Biz dünyanın 34 ölkəsində 78 şəhid məzarlığı olan bir ölkəyik. Türkiyə Azərbaycan uğrunda 1132 şəhid verib. Azərbaycan Türkiyədən sonra ən çox şəhidimizin olduğu ölkədir. Buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda ölkələrimiz arasındakı birgə taleyin təmsilçiləridir. Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir.

Böyük şair, mərhum Bəxtiyar Vahabzadə bu birliyimizi belə gözəl ifadə edib:

 

Bir ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu, bu da ulu,
Azərbaycan-Türkiyə.

Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir,
Azərbaycan-Türkiyə.

 

Bəli, Türkiyə və Azərbaycanın birliyi bu misralarda təcəssüm edən qardaşlığın ən gözəl nümunəsidir.

Prezident Ərdoğan vurğulayıb ki, biz bu gün burada yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda əziz şəhidlərimizin bizə əmanəti olan “Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik: “Bir əsr əvvəl burada aparılan mübarizə bizim qardaşlığımızın, dostluğumuzun, birlik və bərabərliyimizin də rəmzidir. Tarixi bilmədən, bir əsr əvvəl Nuru paşanın və əsgərlərinin minlərlə kilometr uzaqdan Bakıya və Gəncəyə gəlmələrinin səbəblərini dərk etmədən Azadlıq meydanındakı bu həmrəylik mənzərəsinin mənasını anlaya bilmərik. Bundan bir əsr əvvəl qardaşlarımızın işğal altında çəkdiyi zülm elə bir həddə çatmışdı ki, Nuru paşa Gəncəyə gələndə azərbaycanlı uşaqlar hamısı bir ağızdan məmnunluqlarını belə ifadə etmişdilər:

 

Qatar gəlib yan verir,
Gəncəliyə şan verir.
Gəncənin cavanları,
“Bakı!” deyə can verir”.

 

Türkiyənin dövlət başçısı daha sonra sözləri Aslan Aslanova, musiqisi Telman Hacıyevə məxsus məşhur “Lalələr” mahnısının kədərli hekayəsindən söz açıb: “Gəncə bölgəsinə hərəkət edən minlərlə əsgər başlarındakı qırmızı fəsləri və qotazları ilə uzaqdan laləzarlığı xatırladan bir mənzərə yaradırdılar.

 

Yazın əvvəlində Gəncə çölündə,
Çıxıblar yenə də dizə lalələr.
Yağışdan islanan yarpaqlarını,
Səriblər dərəyə, düzə lalələr.
Meylim üzündəki qara xaldadır,
Hicranın əlacı ilk vüsaldadır.
Nə vaxtdır aşiqin gözü yoldadır,
Bir qonaq gələsiz bizə lalələr”.

 

Türkiyə Prezidenti deyib: “Nuru paşanın və Qafqaz İslam Ordusunun Bakıya və Gəncəyə gəlişi azərbaycanlı qardaşlarımız arasında belə böyük həyəcana, belə böyük bir ümidə səbəb olub. Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır. Bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik”.

* * *

Dövlət başçılarının çıxışlarından sonra Bakı Qarnizonunun şəxsi heyəti və qarnizonun birlik, birləşmə və hərbi hissələrinin xüsusi texnikaları və silah sistemləri meydandan keçib.

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Osmanlı Türkiyəsi və Azərbaycan hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçiblər.

Sonra Türkiyə Silahlı Qüvvələrinin məşhur “Mehtəran” birliyi “Mehtər marşı”nın sədaları altında Azadlıq meydanına daxil oldu. “Mehtəran” birliyi tribuna ilə üz-üzə dayanaraq Azərbaycanın “Əsgər marşı”nı ifa edib.

Parad Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri və təyyarələrinin, Türkiyə Silahlı Qüvvələrinin “Türk Ulduzları”nın uçuşları ilə başa çatıb.