Rusiyanın tanınmış balet mütəxəssisi, Xalq artisti, Dövlət mükafatı laureatı, balet artistlərinin ümumittifaq və beynəlxalq müsabiqələrinin laureatı, Rusiya Akademik Böyük Teatrının məşqçi-repetitoru Mark Peretokin Bakıya gələcək.

Rusiyalı sənətkar oktyabrın 1-dən 31-dək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ustad dərsləri keçəcək.

Qeyd edək ki, M.Peretokin vaxtilə Böyük Teatrın səhnəsində “Qu gölü”, “Yatmış gözəl”, “Jizel”, “Raymonda”, “Korsar”, “Şopeniana”, “Don Kixot”, “İvan Qroznı”, “Spartak”, “Karmen-süita”, “Qızıl əsr”, “Romeo və Cülyetta”, “Anyuta”, “Parisdə sonuncu tango” və digər baletlərdə çıxış edib. O, karyerası boyu keçmiş SSRİ-nin ən tanınmış görkəmli pedaqoq və baletmeysterləri ilə birlikdə çalışıb.