Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 12-16 sentyabr tarixində Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı Ölkələrin II Beynəlxalq Teatr Festivalında təmsil olunub.
Teatrdan bildirilib ki, Qazaxıstanın məşhur teatr və kino aktyoru Nurmuxan Janturinin 90 illik yubileyinə həsr olunan beynəlxalq festivala ölkəmizlə yanaşı İran, Türkmənistan, Rusiya Federasiyasının Başqırdıstan və Tatarıstan respublikalarının teatrları qatılıb.
Milli Dram Teatrı festivalda “İuda” tamaşasını təqdim edib. Səhnə əsəri festivalın rəhbərliyi, o cümlədən qeyd olunan ölkələrin teatr xadimləri və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Rejissor Anar Babalının quruluş verdiyi tamaşa Əməkdar artist Ayşad Məmmədovun eyniadlı monopyesi əsasında hazırlanıb. Səhnə əsərində Ayşad Məmmədov özü çıxış edib.
Tamaşanın rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.
Əsər bəşəri mövzulardan olan insan xəyanətkarlığından, İsa Məsihin həvarilərindən İudanın satqınlığından bəhs edir. İuda İsa Məsihi satdığına görə vicdan əzabından qurtula bilmir. Səhnə əsəri İudanın daxili aləmini və özünə bəraət qazandırma cəhdini, onu belə addım atmağa sövq edən motivləri açıb göstərir.