Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 87-ci mövsümdə tamaşaçılarını “Əlibaba və qırx quldur” adlı səhnə əsəri ilə salamlayıb.

Tamaşanın səhnələşdirmə və quruluşu teatrın rejissoru Anar Məmmədova məxsusdur. Quruluşçu rəssam teatrın baş rəssamı İqbal Əliyevdir. Tamaşanın musiqisi Fikrət Əmirovun dünya şöhrətli “Min bir gecə” baleti əsasında qurulub. Rolları aktyorlar Rəhim Rəhimov, Cavid İbrahimov, Samirə Nəcəfova, Araz Həsənli, Elnur Xəlilov, Aygül Ağayeva, Elmira Hüseynova və Adil Dəmirov ifa edib.

Artıq tamah və pula, vara, şan-şöhrətə hərislik kimi mənfi xüsusiyyətlərin tənqid hədəfinə çevrildiyi tamaşada balaca izləyicilərə dürüstlük və mənəvi zənginliyin daha vacib olduğu təlqin olunur.

Tamaşaçılar mövsümün açılışı günündə repertuardakı maraqlı nümunələrdən olan “Şəngülüm, Məngülüm”ü də izləyiblər. Mikayıl Müşfiqin eyniadlı mənzum nağılı əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Elza Seyidcahandır. Monokukla tamaşasının ifaçısı Ülviyyə Əliyevadır. Tamaşadakı mahnı mətnləri M.Müşfiqin mənzum nağılından seçilib.

Sentyabrın sonunda teatrın rusdilli tamaşaçıları “Üç cəsur”u izləyə biləcəklər. Mirmehdi Seyidzadənin “Cırtdan” mənzum pyesinin motivləri əsasında Rəhman Əlizadənin səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru və rus dilinə tərcümə edəni Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur. İlin sonunadək isə iki yeni tamaşa – türk nağıllarından “Kəloğlan masalları” əsasında “Kəloğlan” və məşhur “Piter Pennin sərgüzəştləri” hazırlanacaq. Səhnə əsərlərinə Qurban Məsimov və Anar Məmmədov quruluş verəcək.