Sentyabrın 14-də Bakı Media Mərkəzi “Şirvanşahlar Saray Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyində Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş musiqi axşamı təşkil edib.

Bakcell şirkətinin sponsorluğu ilə baş tutan tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, kino və musiqi xadimləri, rəsmi nümayəndələr və başqa qonaqlar iştirak ediblər.

Tədbirdə Azərbaycan kinosunun keçdiyi tarixi yola qısa nəzər salınıb və Bakı Media Mərkəzinin fəaliyyət göstərdiyi 5 il ərzində müasir Azərbaycanın sənədli filmlərinin salnaməsinin yaradılması işinə verdiyi töhfələrdən danışılıb. Mərkəzin istehsal etdiyi filmlərin Azərbaycan tarixini, mədəniyyətini və multikulturalizm dəyərlərini özündə əks etdirdiyi bildirilib, eyni zamanda bu filmləri Azərbaycanda və dünyada rəsmi rəqəmlərə görə, 60 milyondan çox tamaşaçının izlədiyi qeyd olunub.

Musiqili gecədə Azərbaycanın görkəmli bəstəkarlarının filmlər üçün yazdıqları musiqilər yeni aranjimanda təqdim olunub. Filmlərdən olan görüntülər proyeksiya vasitəsilə xüsusi hazırlanmış videokontentlə Şirvanşahlar Saray Kompleksinin divarlarında nümayiş etdirilib.

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin ekran işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Multikulturalizm ili”nə həsr olunmuş “Bir günəş altında”, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Son iclas” və digər filmlər var.