Sentyabrın 22-də Moskvada P.İ.Çaykovski adına konsert zalında dahi bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti Qara Qarayevin 100 illiyinə həsr olunan konsert proqramı keçiriləcək.
Konsertdə görkəmli dirijor, Azərbaycanın Xalq artisti Rauf Abdullayev və tanınmış skripka ifaçısı, beynəlxalq müsabiqələr laureatı Alyona Bayevanın iştirakı ilə P.İ.Çaykovski adına Böyük Simfonik Orkestrin ifasında Qara Qarayevin “Don Kixot” simfonik qravürləri, 3 saylı simfoniyası, skripka və orkestr üçün konserti və “İldırımlı yollarla” baletindən 2 saylı süitası səsləndiriləcək. Konsert proqramı Rusiyanın “Kultura” telekanalı tərəfindən lentə alınacaq.
Həmin gün konsert zalının foyesində bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən sərgi nümayiş olunacaq.
Qeyd edək ki, Qara Qarayevin 100 illiyinə həsr olunmuş rəngarəng tədbirlərin Türkiyə, ABŞ, Fransa, Belçika, Avstriya, Almaniya, Böyük Britaniya, İsrail, Polşa, Macarıstan, Gürcüstan, Ukraynada da keçirilməsi nəzərdə tutulub.