Bu il 150-dən çox məzun tələbə adını qazanıb
Ötən tədris ilində Bakıda fəaliyyət göstərən musiqi məktəblərini bitirən 150-dən çox şagird tələbə adını qazanıb.
Onlardan 22-si Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 78-i Asəf Zeynallı adına Orta ixtisas musiqi məktəbində, 5-i Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, 5-i Bakı Xoreoqrafiya Akademiyasında, 17-si Azərbaycan Milli Konservatoriyasında, 25-i isə Bakı Musiqi Akademiyasında təhsillərini davam etdirəcək.
Qeyd edilən tələbələr mütəmadi olaraq Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Dövlət Mahnı Teatrı və digər mötəbər səhnələrdə konsert proqramı ilə çıxış edirlər.
Bildirək ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsində 31 musiqi, 6 incəsənət məktəbi fəaliyyət göstərir. Məktəblərdə şagirdlər fortepiano, qanun, kamança, tar, nağara, truba, klarnet, vokal və digər ixtisaslar üzrə təhsil alırlar. Ötən tədris ili ərzində şagirdlər bir çox beynəlxalq və respublika əhəmiyyətli müsabiqələrin qalibi və laureatları olublar.