Qax rayon Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı Milli musiqi günü münasibətilə Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası əsasında hazırlanmış tamaşa təqdim edib.
Əvvəlcə Musiqi gününün tarixindən söz açılıb, Üzeyir bəyin Azərbaycanın ictimai-mədəni həyatında oynadığı rol yüksək qiymətləndirilib. Qeyd olunub ki, müsəlman Şərqində klassik musiqi sənətinin bir çox yenilikləri məhz Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Vurğulanıb ki, bu əlamətdar günün qeyd olunması dahi bəstəkarın irsinə, yaradıcılığına, şəxsiyyətinə olan hörmət və ehtiramın bariz nümunəsidir.
Sonra tamaşa nümayiş etdirilib. Səhnə əsərinin rejissoru Gülşad Paşayeva, rəssamı Fuad Muradovdur. Rolları Fikrət Ramazanov, Yusif Qurbanov, Ceyran Rəcəbova və başqaları ifa ediblər.
Tədbir daha sonra böyük musiqiçinin əsərləri əsasında hazırlanmış maraqlı konsert proqramı ilə başa çatıb.