Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrı yeni teatr mövsümünə premyera ilə başlayıb. Tanınmış özbək dramaturqu Səid Əhmədin “Gəlinlərin qiyamı” komediyası teatrsevərlərə təqdim edilib.

Ailə probleminə həsr olunmuş əsərdə əzazil qayınananın zülmündən cana doymuş altı gəlinin mübarizəsindən bəhs olunur.

Böyük ailənin “sükanı”nı əlində möhkəm saxlayan yaşlı qadın Səltənətin icazəsi olmadan altı oğul və gəlin, nəvələr heç bir qərar verə bilməzlər. Namuslu və müdrik qadın öz oğullarına və nəvələrinə qarşı nə qədər mehribandırsa, gəlinlərinə qarşı bir o qədər sərtdir. Bir gün evin kiçik gəlini Nigar “gəlinlərin qiyamı” ideyasını irəli sürür və Səltənətin qəlbinə yol tapır. Ailə qiyamı xoşbəxt sonluqla bitir: ailədəki bütün qadınlar anlayırlar ki, hər birinin pis cəhəti olduğu kimi yaxşı xüsusiyyəti də var və onlar mehriban dolana bilərlər.

Tamaşaya Azərbaycanın Əməkdar artisti, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Sərvər Əliyev quruluş verib. Səhnə əsərinin rəssamı Dağıstanın Əməkdar mədəniyyət işçisi Naidə Alimatova, musiqi tərtibatçısı Əməkdar artist Sevda Bəybalayevadır.

Tamaşada Dağıstanın əməkdar artistləri Əlimövsüm Abbasov, Məhərrəm Ömərov və Mahir Məlikov, aktyorlar Kəmalə Rzayeva, Rəhil Ömərova, Şükufə Məlikova,  Diləfruz Şıxməmmədova və başqaları rol alıb.

GÜLCAHAN