Sentyabrın 27-də Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrının Primorsk səhnəsində P.Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək.

Teatrın saytında yer alan xəbərə görə səhnə əsəri azərbaycanlı baletmeyster Eldar Əliyevin xoreoqrafik adaptasiyasında təqdim olunacaq. Baletin xoreoqrafiyası Marius Petipa və Lev İvanova, 1950-ci ildə redaktəsi Konstantin Sergeyevə məxsusdur.

Balet Eldar Əliyevin xoreoqrafik adaptasiyasında Primorsk səhnəsində ilk dəfə 2015-ci il yanvarın 23-də qoyulub. Baletin budəfəki nümayişi Marius Petipanın anadan olmasının 200 illik yubileyinə həsr ediləcək.

Bildirək ki, Bakıda dünyaya göz açan Eldar Əliyev burada Xoreoqrafiya məktəbini bitirib. 1979-1992-ci illərdə Mariinsk teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətində təmsil olunub. Sənətkar 2016-cı ildə Dövlət Akademik Mariinsk Teatrı Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çinin Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.