Sentyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 110-cu yubiley mövsümünü Üzeyir Hacıbəylinin ölməz “Leyli və Məcnun” operası ilə açıb.
Tamaşa bu il 10-cu dəfə keçirilən Ü.Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunub.
Səhnə əsərində əsas rolları Əməkdar artist Elnur Zeynalov (Məcnun), gənc muğam ifaçısı Rəvanə Əmiraslanlı (Leyli), əməkdar artistlər Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn Salam) və başqaları ifa ediblər. Operanı dirijor, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edib.
Qeyd edək ki, müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin il yanvarın 12-də ilk dəfə səhnəyə qoyulub. “Leyli və Məcnun” operası 110 ildir Opera və Balet Teatrının repertuarındadır.
***
Sentyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Məhəbbət tanqosu” baleti nümayiş olunacaq.
Teatrdan bildirilib ki, Astor Pyatsollanın musiqisi əsasında səhnəyə qoyulan tamaşanın quruluşçu baletmeysteri tanınmış rusiyalı xoreoqraf, Xalq artisti Liliya Sabitovadır.
Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyevin idarə edəcəyi səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayevdir. Birpərdəli baletin truppa rəhbəri Xalq artisti Kamilla Hüseynovadır.
İki gəncin sevgisindən bəhs edən səhnə əsərində onlardan birinin ömrü faciəli şəkildə bitsə də, həyatın davam etdiyi, məhəbbətin əbədi olduğu vurğulanır.