Azərbaycan Dövlət Yuğ Teatrı yeni mövsümü sentyabrın 22-də yazıçı Pərvinin əsəri əsasında hazırlanmış “Sonuncu” tamaşası ilə başlayacaq.
Xalq artisti Ramiz Həsənoğlunun quruluşunda hazırlanan tamaşada rolları Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Novruzova ifa edirlər. Səhnə əsərinin quruluşçu rəssamı Ramiz Həsənoğlu, geyim üzrə rəssamı Nana Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.
A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir baxış bucağından yanaşmağa çalışıblar. Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Burada ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini dərk etmiş insanın faciəsi qabardılır.