Bu həftə Rusiyanın Yaroslavl şəhərində XIX Beynəlxalq Volkov Festivalı keçirilir. Sentyabrın 17-də F.Volkov adına Rusiya Dövlət Akademik Dram Teatrında baş tutmuş açılış mərasimində Rusiya Federasiyası Hökumətinin Fyodor Volkov adına mükafatı öz sahiblərinə təqdim edilib. Rusiyanın ən sanballı teatr mükafatlarından birinin builki laureatları arasında M.Qafuri adına Başqırdıstan Akademik Dram Teatrı da var.

Başqırd teatrı “2018-ci ildə Rusiya Federasiyasının teatr sənətinin inkişafına verdiyi töhfəyə görə” diplomu və 100 min rubl məbləğində pul mükafatı ilə təltif edilib.

M.Qafuri adına Başqırdıstan Akademik Dram Teatrı festivalda tanınmış rusiyalı yazıçı Quzel Yaxinanın eyniadlı romanı əsasında Ayrat Abuşahmanovun hazırladığı “Züleyxa gözlərini açır” tamaşası ilə çıxış edəcək.