Özbəkistan və Hindistan kinematoqrafiya sahəsində genişmiqyaslı layihəni gerçəkləşdirməyə hazırlaşırlar. Hindistanın Media və Əyləncə Sənayesi Palatasının sədri Sandip Marva deyib ki, yaxın aylarda bədii filmin istehsalı ilə bağlı birgə fəaliyyətə başlanılacaq: “Biz Özbəkistanın kino şirkətləri və prodüser mərkəzlərilə danışıqlar aparırıq və tezliklə bu ölkədə çəkilişlərin başlayacağına şahid olacağıq. Qarşılıqlı münasibətin belə sürətlə inkişafı həm də Özbəkistan və Hindistanın birgə əməkdaşlıqda maraqlı olmağından xəbər verir”.
2018-ci ilin may ayında yaradılmış Hind-Özbək Kino və Mədəniyyət Forumu qısa müddət ərzində media və kino sahəsində ikitərəfli münasibətlərin inkişafına və birgə layihələrin gerçəkləşdirilməsinə dair bir sıra proqramları yerinə yetirməyə başlayıb.
Palata nümayəndələrinin Özbəkistana səfərinin yekunu olaraq Daşkənd haqqında sənədli filmin çəkilməsi, Dehli, Mumbay və Kəlküttədə Özbəkistan filmləri festivalının keçirilməsi, özbək mütəxəssislərinin Mumbayda kino sahəsində təhsilinə qrant ayrılması, iki ölkənin kino, televiziya və incəsənət xadimlərinin qarşılıqlı səfərləri səmərəli əməkdaşlığa sübutdur.
Bundan başqa, Hindistan radiostansiyalarında həftədə iki dəfə Özbəkistan haqqında xüsusi proqram efirə çıxır. Gələcəkdə Özbəkistan kinosunu təbliğ etmək, turizm əlaqələrini inkişaf etdirmək üçün forumun keçirilməsi, özbək kino xadimlərinin Hindistanda hər il keçirilən dörd nəhəng kino festivalında iştirakının təmin edilməsi qarşıda duran perspektivli məsələlərdir.