Sentyabrın 24-də Bakı Musiqi Akademiyasının (BMA) Opera studiyasında Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının birgə təşkilatçılığı ilə görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Əhmədovanın 90 illik yubiley gecəsi keçirildi.
Mərasim Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunmuşdu.
Tədbirdə çıxış edən Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov əsası 1995-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan 18 sentyabr - milli musiqi gününün əhəmiyyətindən danışdı. Bildirdi ki, festival ölkəmizin və dünyanın məşhur musiqiçilərini bir araya gətirir. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festival çərçivəsində görkəmli opera müğənnisi Firəngiz Əhmədovanın 90 illiyinin qeyd olunması təqdirəlayiqdir.
Vurğulandı ki, tanınmış səhnə xadimi ölkəmizin vokal sənəti tarixində silinməz izlər qoyub. Opera səhnəmizdə Azərbaycan və dünya klassiklərinin şah əsərlərində aparıcı partiyaların mahir ifaçısı kimi şöhrət tapan Firəngiz Əhmədova musiqi salnaməmizə parlaq səhifələr yazıb. Bu gün BMA-da təhsil alan tələbələr mərhum sənətkarın irsindən geniş şəkildə faydalanırlar.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxışında Firəngiz Əhmədovanın yaradıcılıq yolundan danışdı. Qeyd etdi ki, opera sənətində yüksək uğurlar əldə edən görkəmli sənətkar həmçinin müxtəlif kamera əsərlərinin və romansların bənzərsiz ifaçısı kimi də tanınıb. Onun Azərbaycan Radiosu xorunun solistliyindən görkəmli opera müğənnisi səviyyəsinə qədər keçdiyi böyük yaradıcılıq yolu sənətə sonsuz sədaqət, vətənə və xalqa fədakar xidmət məktəbi olub.
Çıxışlardan sonra Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik orkestrinin (bədii rəhbər və baş dirijor – Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov) müşayiəti ilə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim edildi. Çıxışlar alqışlarla qarşılandı.
Savalan FƏRƏCOV