Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Astor Pyatsollanın musiqisi əsasında birpərdəli “Məhəbbət tanqosu” baleti nümayiş etdirilib.

Tamaşanın quruluşçu baletmeysteri Rusiyanın Xalq artisti Liliya Sabitova, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, geyim üzrə rəssam Nəzakət Əhmədova, konsertmeyster Züleyxa Usubovadır. Baş rolları teatrın solistləri Anar Mikayılov və Cəmilə Kərimova ifa ediblər.

Astor Pyatsolla XX əsrin ikinci yarısında yaşayıb-yaratmış Argentina musiqiçisi və bəstəkarıdır. Onun əsərləri sayəsində tanqo janrı zənginləşib, caz və klassik musiqi elementləri ilə müasir tərzdə təqdim edilib.