Sentyabrın 22-də Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu teatr mövsümünü açıq elan edib. Sənət ocağı dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası ilə tamaşaçıların görüşünə gəlib.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev kollektivi yeni mövsümün açılışı münasibətilə təbrik edib, sənət ocağının qazandığı uğurlardan və qarşıda duran vəzifələrdən danışıb.
Sonra teatrın repertuarında özünəməxsus yer tutan səhnə əsəri nümayiş olunub.
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunan tamaşada teatrın tanınmış və gənc aktyorları rol alıb.
Qeyd edək ki, teatr Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində həmçinin sənətsevərlərə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasını və Hacıbəylilər nəslinin həyatından bəhs edən “Nuri-didə Ceyhun” tamaşalarını da təqdim edib.