“D’ACCORDO” barokko ansamblı oktyabrın 26-dan noyabrın 2-dək Sankt-Peterburqda keçiriləcək “Gümüş lira” IX beynəlxalq kamera ifaçılığı festivalında iştirak edəcək.

Kollektivin bədii rəhbəri, Əməkdar artist İlahə Sadıqzadə bildirib ki, ansambl parlaq barokko dövrünün Pretorius, Monteverdi, Falkonyeri, Lyulli, Korelli, Persella, Vivaldi, Hendel, Bokkerini və digər bəstəkarlarının vokal-instrumental yaradıcılıq nümunələrini təqdim edəcək.

Ansamblın tərkibinə əməkdar artistlər Fəridə Məmmədova (soprano) və İlham Nəzərov (kontratenor), İlahə Sadıqzadə (klavesin, zərb alətləri), Eyyub Əliyev (violonçel), habelə Elina Əliyeva (skripka), Lalə Miralayeva (skripka), Ziba Rəcəbli (alt), Əsmər Kərimli (violonçel), Nicat Salmanov (fleyta), Rövşən Məmmədov (gitara) daxildir.

2016-cı ildə yaradılmış “D’ACCORDO” ansamblı Azərbaycanda barokko və intibah musiqisinin tarixi ifa tərzinə müraciət edən ilk kollektivdir. Ansambl gənc olsa da, XI-XVII əsrlərin müxtəlif bəstəkarlarının əsərlərindən ibarət geniş repertuara malikdir. Kollektiv beynəlxalq festivallarda uğurla çıxış edir.

“Gümüş lira” festivalında Azərbaycan, Avstriya, Macarıstan, Niderland, Serbiya, ABŞ və Rusiyanı təmsil edən istedadlı musiqiçilər kamera ifaçılığı sahəsində öz məharətlərini göstərəcəklər. Konsertlər D.Şostakoviç adına Sankt-Peterburq Filarmoniyasının Böyük zalında və M.Qlinka adına Kiçik zalında keçiriləcək.