Sentyabrın 25-də Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Ağcabədi rayon Mədəniyyət mərkəzində F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının konserti olub.
Ansamblın bədii rəhbəri Xalq artisti Ağaverdi Paşayev və rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva çıxış edərək böyük bəstəkarın ömür yolundan, zəngin yaradıcılığından, milli musiqi mədəniyyətimizin inkişafında əvəzsiz xidmətlərindən danışıblar. Diqqətə çatdırılıb ki, böyük bəstəkar tariximizdə silinməz iz qoyub. Üzeyir bəy həm də bu il 100 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-mədəni həyatında yaxından iştirak etmiş böyük şəxsiyyətlərimizdəndir.
Qeyd olunub ki, 2009-cu ildən etibarən Azərbaycanda hər il keçirilən beynəlxalq festival böyük əks-səda doğurub. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən festivalın konsertlərində görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər. Ənənəvi olaraq festivalın bir konsert proqramı dahi bəstəkarın dünyaya göz açdığı Qarabağ torpağında da təşkil olunur.
Sonra Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, həmçinin “Qarabağ Muğam Mərkəzi”nin ifaçıları dahi bəstəkarın əsərlərindən parçalar, muğam və mahnılar, rəqslər təqdim ediblər. Konsert proqramı ağcabədili musiqisevərlər tərəfindən maraqla qarşılanıb.