TÜRKSOY tərəfindən həyata keçirilən “Türk dünyası öncülləri” layihəsinin 8-ci tədbiri Gürcüstanda yaşayan Borçalı türklərinin tanınmış ziyalısı, filosof alim, professor Camal Mustafayevə (1928-2017) həsr olunub.
Ankarada qurumun baş katibi Düsen Kaseinovun iştirakı ilə gerçəkləşən konfransa Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, AK Partiyanın İstanbul millət vəkili və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, eləcə də Borçalı ziyalılarından Zəlimxan Məmmədli, şair Osman Əhmədli, Ankara Yıldırım Beyazıt Universitetinin müəllimi Oğuzhan Aydın, Türkiyə, Azərbaycan və Gürcüstandan sənətçi və qonaqlar qatılıb.
Konfransı giriş sözü ilə açan Düsen Kaseinov türk xalqlarının köklü bir tarixə sahib olduqlarını, bu gün türk cümhuriyyətlərindən kənarda da geniş coğrafiyada yaşadıqlarını qeyd edib. Borçalı bölgəsi türklərinin zəngin tarixə və irsə malik olduqlarını vurğulayan D.Kaseinov aşıqları, şairləri ilə məşhur olan bu bölgənin Türkiyə ilə Gürcüstan və Azərbaycan ilə Gürcüstan arasında sanki bir körpü rolu oynadığını bildirib.
Baş katib konfransın məqsədinin Gürcüstanda yaşayan türk topluluğunu yaxından tanımaq, ortaq mədəni mirasımıza diqqət çəkmək və Borçalının böyük övladı Camal Mustafayevin yazdığı əsərlər vasitəsilə Borçalı türklərini tanıtmaq olduğunu deyib.
Yalçın Topçu isə çıxışında bildirib ki, bir Ahıska türkü ailəsinin övladı olduğum üçün Borçalı bölgəsi, eyni zamanda qonşumuz Gürcüstanın “Mesxetiya” olaraq ifadə etdiyi Ahiska bölgəsi mənim ata ocağımdır: “Borçalıda yaşayan Qarapapaq türkləri də mənim qardaşlarımdır. Camal bəy kimi bir çox qəhrəman yetişdirmiş olan bölgəmizin qiymətli övladları türk mədəniyyətini hər cür təsirlərdən qoruya bilmişlər. Təzyiqlərə, kosmopolit mədəniyyət mühitinə və çətinliklərinə baxmayaraq, türklük bayrağını dalğalandıran Qarapapaq qardaşlarımızla qürur duyuram”.
Şamil Ayrım TÜRKSOY tərəfindən düzənlənən belə toplantılara çox önəm verdiklərini vurğulayıb: “Türk dünyasına böyük töhfələr versək də, unudulmuş dəyərlərimiz də var. Bu toplantıların önəmi dəyərlərimizi gənc nəsillərə xatırlatmaqdır”.
Çıxışlar zamanı Borçalının tarixinə də toxunulub və türklərin bu məkanda uzun illərdir yaşadıqları bildirilib. Doğumunun 90-cı ildönümü qeyd edilən Camal Mustafayevin Borçalıda hər kəs tərəfindən sevildiyi diqqətə çatdırılıb. Onun öz əsərlərində Şərq fəlsəfəsinə üstünlük verdiyi, türk əxlaqını nümunə göstərdiyi də diqqətə çatdırılıb.
Çıxışlardan sonra aşıqların – Gürcüstandan Nargilə Mehdiyeva, Türkiyədən Səlahəddin Dündar və Azərbaycandan Termeyxan Qurbanovun ifasında kiçik konsert proqramı təqdim edilib. Borçalıdan “Sarvan” folklor rəqs qrupu öz çıxışı ilə konfransa rəng qatıb.
Tədbirin sonunda Düsen Kaseinov tərəfindən Borçalı Aşıqlar Cəmiyyətinin sədri, şair Osman Əhmədoğluna “Molla Pənah Vaqif” xatirə medalı təqdim edilib.
MEHPARƏ