Ölkə rəhbərinin 2009-cu ilin Uşaq ili elan olunması ilə bağlı sərəncamına müvafiq olaraq əksər elm, təhsil və mədəniyyət müəssisələrində silsilə tədbirlər həyata keçirilir. Belə mərasimlərdən biri də fevralın 14-də «Milli Uşaq Kitabı Sərgisi» adı altında “SOS” Uşaq Kəndində olacaq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq sərgini F.Köçərli adına Respublika Uşaq Kitabxanası təşkil edəcək. Bu məqsədlə “SOS” Uşaq Kəndindəki uşaq bağçasının böyük zalında “Beşik ” nəşriyyatından uşaqlara ərməğan”, “Güvəncin nağılları”, “Mən və mənim dünyam”, “Göydən yüz alma düşdü”, “Dilimiz - ruhumuz, mənəvi dünyamız”, “Biri var idi, biri yox idi...”, “Milli dəyərlərimizi qoruyaq”, “Muğam dünyasına səyahət”, “Gözlə bizi, Qarabağ!”, “Vətən mənə oğul desə, nə dərdim” və s. mövzularda kitab, rəsm və əl işləri sərgiləri təşkil olunacaq.
   Nazirliyin kitabxana sektorunun məsləhətçisi Samir Abbasovdan aldığımız məlumata görə, tədbirdə yazıçılar Ələmdar Quluzadə, Rafiq Yusifoğlu, Zahid Xəlil, Sevinc Nuruqızı, Gülzar İbrahimova, Mustafa Çəmənli və başqaları iştirak edəcəklər.
   Tədbirin sonunda “Mənim nağıllı dünyam “ adlı rəsm və əl işlərinin müsabiqəsi üzrə qaliblər də elan olunacaq.   

Həmidə