Oktyabrın 4-ü görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin (1917-2000) xatirə günü idi. Bu münasibətlə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək bəstəkarın məzarını ziyarət etdilər.
Anım mərasimində çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Tofiq Quliyevin Azərbaycan mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən danışdı. Bildirdi ki, bəstəkarın yaradıcılığı geniş və rəngarəng olmaqla həmişə diqqəti cəlb edir: “Tofiq Quliyev beş musiqili komediya bəstələyib, valslar, fortepiano üçün prelüd, variasiyalar yazıb. Bir çox kino musiqilərinin müəllifidir. Bütün bunlarla yanaşı, estrada musiqisinin əvəzsiz sənətkarı kimi də tanınıb. Bəstəkarın lirik, şux, nikbin çalarlı musiqiləri əbədiyaşardır. Fəxr edirəm ki, bu böyük bəstəkarın rəhbərliyi altında Bəstəkarlar İttifaqında onunla bir yerdə çalışmışam”.
Ümummilli lider Heydər Əliyevin bəstəkara olan münasibətindən söhbət açan Firəngiz Əlizadə 1997-ci ildə Tofiq Quliyevin 80 illiyinə həsr olunan yubiley mərasimində ulu öndərin dediyi sözləri xatırlatdı: “Vaxt gələcək hər şey dəyişəcək, yaddan çıxacaq, ancaq Tofiq Quliyev musiqisi yaşayacaq”.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azərpaşa Nemətov vurğuladı ki, Tofiq Quliyev mahnıları ilə milyonlarla dinləyicinin qəlbini fəth etməyi bacarıb. O, Azərbaycan xalqının qəlbinə təkcə sənəti ilə deyil, həm də şəxsiyyəti ilə də yol tapan görkəmli ziyalılardan idi.
Tofiq Quliyev adına 12 saylı Musiqi məktəbinin direktoru Gülnarə Səfərova çıxışında bildirdi ki, bu ad təhsil ocağı üçün həm də böyük məsuliyyətdir: “Çalışacağıq ki, onun adını layiqincə doğruldaq”.
Sonda bəstəkarın ailə üzvləri adından oğlu – görkəmli kinorejissor, Xalq artisti Eldar Quliyev çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirdi.
Fariz HÜSEYNOV