Xəzər və sənət məhəbbətinin qovuşduğu sərgi
İlk baxışda incəsənətdən uzaq kimi görünən sahələrə rəhbərlik edənlərin mədəniyyətə diqqəti, zərif sənətlərin inkişafına dəstəyi, mədəni layihələri gerçəkləşdirilməsi təqdirəlayiq haldır. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 160 illik yubiley tədbirləri çərçivəsində gənc rəssamlar arasında keçirdiyi təsviri sənət müsabiqəsi də bu qəbildəndir.
Əslində, Xəzər zaman-zaman şairlərin, rəssamların, bəstəkarların ilham mənbəyi olub və olmaqdadır. Gənc rəssamlar arasında keçirilmiş “Gəmiçilik – 160”, “Mənim Xəzərim”, “Dəniz cəsurları sevir” mövzularında rəngkarlıq, qrafika və heykəltəraşlıq istiqamətləri üzrə müsabiqənin oktyabrın 1-də Muzey Mərkəzinin sərgi salonunda açılan yekun sərgisi sənətsevərləri bir araya gətirmişdi.
Müvafiq meyarlar əsasında müsabiqəyə buraxılan ümumilikdə 89 əl işini Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA), Rəssamlar İttifaqı, Mədəniyyət və İncəsənət Universiteti, həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin (AXDG) nümayəndələrindən ibarət münsiflər heyəti qiymətləndirib.
Sərgi salonunda nümayiş olunan lövhələri, kiçikhəcmli heykəltəraşlıq nümunələrini seyr edincə inanırsan ki, münsiflər ən yaxşıları müəyyən etməkdə az əziyyət çəkməyiblər.
Elə açılış mərasimində ADRA-nın rektoru, Xalq rəssamı Ömər Eldarov da gənclərin sərginin mövzusuna böyük həvəs və məsuliyyətlə yanaşdıqlarını, onların Azərbaycan rəssamlıq məktəbinin Xəzər mövzusunda yaranmış sənət ənənələrini layiqincə davam etdirdiklərini vurğuladı.
AXDG-nin rəhbəri Rauf Vəliyev, Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov 160 illik tarixə malik Xəzər gəmiçilik qurumunun tarixindən, inkişafından və sosial-mədəni layihələri dəstəkləməsindən danışdılar.
Sənət yarışında Emiliya İbrahimova “Xəzərin işığı”, Tural Bayramov “57-ci körpü” və Vəfa Sultanova “Gəmilər” lövhələri (rəngkarlıq), İlqar Ağaşov “Günəşli”, Rahib Qarayev “Odlar yurdu” və Süleyman Rüstəmov “Oyanış” (heykəltəraşlıq), Yüliya Tarlakovskaya “Xəzər”, Aynurə Yüsifzadə “Yanan buruq” və Ruhəngiz Bağırova “Xəzərim mənim” (qrafika) qalib gəliblər. Onlardan başqa, münsiflər hər üç istiqamət üzrə daha iki nəfərin də işlərini həvəsləndirici mükafatla qiymətləndirib. Müsabiqə iştirakçılarının hamısına iştirakçı sertifikatı və əsərlərin yer aldığı nəfis kataloq təqdim edildi.
Sərgi oktyabrın 7-dək davam edəcək.
G.MİRMƏMMƏD