Oktyabrın 8-də Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (MEMM) və AMEA Fəlsəfə İnstitutunun iştirakı ilə Gəncə Dövlət Universitetində “Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı kimi” adlı dəyirmi masa keçirilib.
Tədbiri universitetin prorektoru Pərvin Kərimzadə açaraq bu cür tədbirlərin əhəmiyyətindən danışıb.
MEMM-in direktoru Asif Usubəliyev qurumun fəaliyyətindən, multikulturalizmə aid tədbirlərdən bəhs edib.
Mərkəzin şöbə müdiri Nurəddin Babayev multikulturalizm siyasətinin əhəmiyyətindən, ənənələrindən bəhs edib.
AMEA Fəlsəfə İnstitutunun böyük elmi işçisi Şölət Zeynalovun “Multikulturalizm - sülh və həmrəyliyin paradiqmasıdır” adlı məruzəsi dinlənilib.
Dəyirmi masada Gəncə Dövlət Universitetinin dosenti Asim Məmmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları Cahangir Cahangirli, Üzeyir Babakişiyev və başqaları çıxış ediblər.
MEMM-in elmi katibi Cavid Əliyev Bakıda ənənəvi olaraq təşkil edilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Mədəniyyət Nazirliyi tərəfindən keçirilən milli azlıqların folklor festivalı barədə söhbət açıb.
Tədbir çərçivəsində Azərbaycanın multikulturalizm ənənələrinə həsr olunmuş rəsm sərgisi və klassik musiqi konserti təşkil olunub.
Sonda Gəncə Dövlət Universiteti MEMM tərəfindən fəxri diplomla təltif olunub.