Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Qərbi Avropa bəstəkarlarının fortepiano və vokal əsərlərindən ibarət konsert keçirilib.
BXA-nın 90 illik yubileyi ərəfəsində tədbirlər çərçivəsində təşkil olunan konsertdə əvvəlcə Musiqi fənləri kafedrasının dosenti Nigar Ağayeva (fortepiano) İ.S.Bax və S.Raxmaninovun yaradıcılıqlarına müraciət edərək iki ifa təqdim edib.
Sonra N.Ağayevanın müşayiəti ilə Norveç Opera Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı, həmyerlimiz Əhməd Mirzəyev (tenor) F.Şopen, M.Ravel, P.Tosti, C.Puççini, G.Donisetti kimi dünyaca məşhur bəstəkarların vokal əsərlərini təqdim edib.
Konserti akademiyanın şagird-tələbə, professor-müəllim heyəti ilə yanaşı, bir sıra ali və orta ixtisas təhsili ocaqlarının müəllimləri də izləyib. Tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan konsertdən sonra Ə.Mirzəyev Norveçdəki fəaliyyətindən danışıb, Bakı Xoreoqrafiya Akademiyası barədə təəssüratlarını bölüşüb.