Oktyabrın 17- də Azərbaycan İstiqlal Muzeyində dövlət müstəqilliyimizin bərpasının 27-ci ildönümü münasibətilə “Paralel” adlı tədbir–sərgi keçiriləcək.
Muzeydən bildirilib ki, sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin və Müstəqil Azərbaycan Respublikasının fəaliyyətini və inkişafını özündə əks etdirən 40-dan çox fotoşəkil nümayiş etdiriləcək.
Tədbirdə Təhsil Nazirliyi Gənclərin Respublika bədii yaradıcılıq evinin tələbələrinin hazırladığı maraqlı bədii proqram təqdim olunacaq.
Foto sənətində uğur qazananların əl işləri
Oktyabrın 19-dan 21-dək Bakıdakı “Qalereya 1969” salonunda “Photo magic of stars” (“Ulduzların sehrinin fotosu”) adlı fotosərgi açılacaq və Beynəlxalq Foto Birliyinin (Global Photographic Union-GPU) üzvləri ilə görüşlər təşkil ediləcək.
Fotoqraflar Birliyindən bildirilib ki, sərgidə beynəlxalq dərəcəli, foto sahəsində uğurlar qazanmış əlli müəllifin işləri nümayiş olunacaq. Sərgi iştirakçıları Beynəlxalq Foto Birliyinin üzvləri ilə yaxından tanış olmaqla yanaşı, GPU haqqında bilgilər əldə etmək imkanı da qazanacaqlar.
Məqsəd gələcəkdə Azərbaycan fotoqraflarının beynəlxalq səviyyəli tədbirlərdə iştirakını təmin etmək, yaradıcılıq mübadiləsinə nail olmaqdır.
Filmlərimizdəki geyimlər, tarixi əşyalar
Oktyabrın 12-də Muzey Mərkəzində Azərbaycan filmlərində istifadə olunan geyimlərdən, tarixi əşyalardan ibarət sərgi açılacaq.
Sərgidə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında qorunub saxlanılan geyimlər və Dövlət Film Fondunda saxlanılan ötən əsrdəki film çəkilişlərində istifadə olunmuş əşyalar nümayiş etdiriləcək.
Xatırladaq ki, oktyabrın 9-da Dövlət Film Fondunda açılan “Keçmişdən səslər” retro kinotexnika sərgisində 60-70-ci illərin kino çəkilişi meydançasında istifadə olunan 100-dən artıq avadanlıq sərgilənib.