Oktyabrın 20-dən 22-dək Kazan şəhərində əfsanəvi tatar müğənnisi Əlfiyyə Avzalova adına I Beynəlxalq festival-müsabiqə keçiriləcək.

Kazan Dövlət Mədəniyyət İnstitutunda “Vokal”, “Xoreoqrafiya” və “Bədii qiraət” nominasiyaları üzrə seçim turlarında 40-ı əcnəbi olan 200 iştirakçı öz bacarığını sınayacaq. “Dünya xalqları musiqi dilində danışır” şüarı festivalın devizi seçilib.

Bu il 85 illik yubileyi qeyd edilən Əlfiyyə Avzalova (1933-2017) tatar vokal ifaçılıq sənətinin misilsiz sərvəti sayılır. Neçə nəsil bu əfsanəvi müğənninin səsinin sədaları altında böyüyüb, minlərlə insanın musiqi zövqü məhz Əlfiyyə Avzalovanın ifasının təsiri altında formalaşıb.

Kazanda belə bir festivalın keçirilməsi ideyasını Polad Bülbüloğlu, Roza Rımbayeva, Rinat İbrahimov, Albina Şahimuradova kimi görkəmli müğənnilər, sənət adamları dəstəkləyiblər.

Festival Tatarıstan Prezidenti Rüstəm Minnixanovun himayəsi, Tatarıstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutacaq. Münsiflər heyətinin sədri Rusiya və Tatarıstanın Xalq artisti Venera Qaneyevadır.

G.MİRMƏMMƏDLİ