Qırğızıstan və Yakutiya Çingiz Aytmatovun “Dəniz kənarı ilə qaçan alabaş” əsəri əsasında birgə film istehsal edəcəklər. Bu barədə Qırğızıstan Kinematoqrafçılar İttifaqının sədri Taalaybek Kulmendiyev Yakutskda I Beynəlxalq qırğız kinofestivalında deyib.

Festival dünya şöhrətli yazıçı Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunub. Proqrama yazıçının əsərləri əsasında sovet dövründə çəkilmiş filmlər daxil edilib. T.Kulmendiyevin dediyinə görə, birgə film layihəsi barədə ilkin razılıq hələ ötən il - Yakutiyada Qırğızıstan ədəbiyyatı və mədəniyyəti günlərində əldə olunub. Yakutiyada Çirgiz Aytmatovun yaradıcılığına maraq böyükdür. Təsadüfi deyil ki, “Dəniz kənarı ilə qaçan alabaş” povesti əsasında hazırlanmış “Arzulardakı mavi sahil” tamaşası artıq 36 ildir yerli teatrın repertuarındadır.

T.Kulmendiyev deyib ki, Qırğızıstanda bu layihəyə 150 min dollar vəsait ayrılıb: “Biz bu layihəni yakut həmkarlarımızla məhz Yakutiya torpağında gerçəkləşdirmək istəyirik. Aytmatov bizim hamımıza doğma olan yazıçıdır”.

Gələcək əməkdaşlıqdan söz açan sədr söyləyib ki, o, Yakutiya kinosuna yaxşı bələddir: “Yakutiya kinematoqrafı dünyanın ən avanqard kinematoqraflarından biridir. Yakut filmləri nüfuzlu forumlarda mükafatlara layiq görülür. İnişil yakut həmkarlarımız Qırığızıstana səfər etdilər, bizim film prokatı ilə tanış oldular. İndi də biz burdayıq. Çox istəyirik ki, qırğız filmləri Uzaq Şərqdə də göstərilsin. Çünki bizim tariximiz, mədəni köklərimiz eynidir, biz qardaş xalqlarıq”.

Gülcahan MİRMƏMMƏDLİ