Xalq rəssamı Arif Hüseynovun yubiley sərgisi
Oktyabrın 19-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində Xalq rəssamı, ADRA-nın professoru Arif Hüseynovun “75 və 75” adlı sərgisi açılacaq.
Sərgidə rəssamın 75 illik yubileyi münasibətilə simvolik olaraq 75 əsəri nümayiş olunacaq.
Oktyabrın 30-dək davam edəcək sərgi Təhsil və Mədəniyyət nazirlikləri, eləcə də Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə reallaşacaq.
Uzun illər ərzində öz tükənməz yaradıcılıq potensialını dəzgah və kitab qrafikası sahəsində istifadə edən rəssamın son illər qədim miniatür sənəti ənənələrinin yeni forma-biçim və bədii-estetik tutumda dirçəldilməsində səy göstərməsi çox diqqətçəkəndir. “Qarabağ şikəstəsi”, “Mis qablar”, “Aşıq”, “Kəndirbazlar” və digər əsərlərdə rəssamın qədim miniatür sənəti ənənələrinə bağlılığı ilə yanaşı, vətəndaşlıq yanğısı və təəssübkeşliyi də qabarıq hiss edilir. Azərbaycan nağıllarını, dastanlarını illüstrasiya formasında ərsəyə gətirən A.Hüseynov bununla bir ilkə imza atıb.