Rusiyalı Sergey Tolubayev və Yelena Çerneskaya Bakı şəhərindən Dağıstanın paytaxtı Mahaçqalayadək velosipedlə səyahətə çıxıblar.
Moskvadan gələn səyahətçilər dörd gün əvvəlcə Bakını gəzib, İçərişəhərdə, “Yanardağ” qoruğunda olublar.
“Bakı həm müasir, həm də çox qədim şəhərdir. İçərişəhərdə olduq. “Brilyant əl” kinokomediyasının lentə alındığı məkanda şəkil çəkdirdik. Xızıda isə Mars planetinin səthini xatırladan dağlar bizi valeh etdi. Biz Yelena ilə tez-tez velosipedlə səyahətlərə çıxırıq. Sonuncu səfərimizdə Soçi şəhərindən Murmanska qədər 5 min kilometr qət etmişik. Yaxşı formadayıq”, – deyə S.Tolubayev bildirib.
Rusiyalı turistlər səyahət zamanı çadırda gecələyirlər.
“İlk gecəni Yanardağın yaxınlığında keçirdik. İkinci gün əsrarəngiz təbiət mənzərəsinə malik Xızıda, ötən gün isə Xəzər dənizinin sahilində gecələdik. Burada insanlar çox mehriban və qonaqpərvərdirlər. Hamı bizə meyvə və yemək təklif edir. Hətta öz evlərində gecələmək üçün yer də ayıranlar var”, – deyə Y.Çerneskaya əlavə edib.