Səyahət fotoları müsabiqəsi başa çatıb
Bakıda İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi və tanınmış fotoqraf Orxan Aslanovun təşkilatçılığı ilə “Ciao Italia” fotomüsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə İtaliya səfiri Auqusto Massaridi iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu, azərbaycanlıların İtaliya mədəniyyətinə böyük maraq göstərdiyini vurğulayıb. Bildirib ki, fotomüsabiqənin məqsədi azərbaycanlı səyahət həvəskarlarını İtaliyanın tarixi və mədəniyyəti ilə yaxından tanış olmalarına şərait yaratmaq, onların İtaliyanın müxtəlif şəhərlərində çəkdikləri şəkillər arasından ən yaxşılarının seçərək qalibləri mükafatlandırmaqdır. Diqqətə çatdırılıb ki, müsabiqəyə təqdim olunmuş 100 fotoşəkildən dördü mükafat qazanıb. Sərgidə isə cəmi 36 fotoşəkil yer alıb.
Fotoqraf Orxan Aslanov bildirib ki, fotomüsabiqəyə bu il iyunun 1-də - İtaliyanın Respublika Günündə start verilib. Üç ay ərzində İtaliyada olmuş azərbaycanlılar müxtəlif fotoları müsabiqəyə təqdim ediblər. Müsabiqədə sadə insanların çəkdiyi şəkillərə üstünlük verilib.
Sonra qaliblər mükafatlandırılıb. Birinci yerin sahibi Nərgiz Bəhruziyə İtaliyaya beşgünlük səfər paketi, daha üç nəfərə müxtəlif hədiyyələr təqdim edilib.