Azərbaycan Milli Konservatoriyasının İfaçılıq fakültəsinin III kurs tələbəsi Bəxtiyar Məmmədov 2-5 oktyabr tarixində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Salyut talantov” VIII Beynəlxalq musiqi festivalında 1-ci yerə layiq görülüb.
40 ölkənin təmsil olunduğu festivalda çex bəstəkarı Antonin Dvorjakın “Slavonic Dance” əsərini ifa edən gənc tarzən qala-konsertə dəvət alan 30 iştirakçı sırasına daxil olub. Qala-konsertdə də uğurla çıxış edən Bəxtiyar Məmmədov “Ən yaxşı ifaçı” adına layiq görülüb.
Oktyabrın 8-də Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi Bəxtiyar Məmmədovu qəbul edərək ona təbriklərini çatdırıb, belə nailiyyətlərin milli musiqi alətlərimizin təbliğində önəmini vurğulayıb. Qeyd edək Bəxtiyar Məmmədov Milli Konservatoriyanın müəllimi, Əməkdar artist Şəhriyar İmanovun tələbəsidir.