Rejissor Asiya Bayqojinanın “İnanc axtarışında” filmi MDB ölkələrinin Minskdə keçirilən “Avrasia.DOC” sənədli kinofestivalında qalib gəlib.

Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin sifarişi ilə “Qazaxfilm” kinostudiyasında çəkilmiş ekran əsəri müasir cəmiyyətdə dini radikalizm mövzusuna həsr edilib. Filmin süjeti 2016-cı il iyunun 5-də Aktobedə törədilmiş terror aktı üzərində qurulub. Rejissor Asiya Bayqojina deyir ki, “İnanc axtarışında” Minskdə rəğbətlə qarşılansa da, tamaşaçıların çoxuna şok yaşadıb: “Onların dediyinə görə, dini ekstremizm və terrorizm  təzahürlərinin Qazaxıstanda baş qaldırması onların ağlına da gəlməzmiş. Mən filmi iki il öncə çəkmişəm. Amma nədənsə onunla indi daha çox maraqlanırlar. Əlbəttə, festivaldan mükafatla qayıtmaq çox xoşdur”.   

Qeyd edək ki, MDB ölkələrinin “Avrasiya.DOC” kino festivalı bu il üçüncü dəfə keçirilib. Müsabiqə proqramına 12 ölkədən 24 sənədli film daxil edilib. Festivalın  əsas məqsədi istedadlı sənədli film ustalarını dəstəkləmək, gənc müəllifləri tanıtmaq, yaradıcı ünsiyyəti inkişaf etdirməkdir.

Gülcahan MİRMƏMMƏD