Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti abidələrin tanıdılması, təbliği və qorunması məqsədilə silsilə tədbirlər həyata keçirir.
Bununla bağlı “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun “Mədəni irsimiz – “Keşikçidağ” layihəsi çərçivəsində Ağstafa rayonunun idarə və təşkilatlarında çalışanların asudə vaxtlarını səmərəli keçirməsi üçün qoruğa davamlı olaraq ekskursiya və yürüşlər təşkil edilir.
Yürüş iştirakçılarına “Keşikçidağ”ın tarixi, təbiəti, abidələri barədə ətraflı məlumat verilib. Bildirilib ki, qoruğun ərazisində ulu əcdadlardan miras qalmış, yaşı 2 min ilə çatan təbii və sonradan tikilmiş 70-dək mağara, Qafqaz Albaniyasının yerli əhalisi tərəfindən inşa edilmiş qala, Orta əsrlərə aid iki alban məbədi, tarixi atəşpərəstlik dövrünə gedib çıxan, təbiət abidəsi hesab edilən, yerli əhali arasında şəfaverici suyu olan məkan kimi tanınan inanc yeri, sığınacaqlar, divar boyakarlığı – freskalar, ərzaq anbarı və su quyuları mövcuddur. “Keşikçidağ” mağaralar kompleksindən 3 kilometr cənubda eramızdan əvvəl ikinci minilliyə aid kurqanlar aşkarlanıb.
Qeyd edək ki, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisi Azərbaycanın Gürcüstanla sərhədi boyunca 25 kilometr uzanır.