Rəssam Fərhad Həmzəliyevin sərgisi

24-30 oktyabr tarixində Muzey Mərkəzinin sərgi qalereyasında rəssam Fərhad Həmzəliyevin 65 illiyinə həsr edilən “Həyat yaradıcılıqdır” adlı sərgi keçiriləcək. Sərgidə mərhum rəssamın 55 rəngkarlıq, 30 qrafika və 12 bədii keramika əsəri nümayiş olunacaq.

Fərhad Həmzəliyev (1953-2008) o yaradıcı şəxslərdən idi ki, onlar üçün incəsənət, həqiqətən, həyatın yeganə və hər şeydən üstün işidir, mənasıdır. O, incəsənətdə ilk baxışdan aydın hesab edilən və artıq çoxdan həllini tapmış kimi görünən işıq və rəng, forma və onun fəzadakı rolu, simmetriya və asimmetriya problemləri üzərində düşünürdü.

Müəllifin adı geniş tamaşaçı kütləsinə az tanışdır. Hətta rəssamlar arasında da onu heç də hamı tanımırdı. Rəssam Azərbaycan Memarlıq və İnşaat Universitetinin Təsviri incəsənət kafedrasında 3 il pedaqoji fəaliyyət göstərib. Bu onun əsərlərinin ilk sərgisidir.

Fərhad Həmzəliyev V.İ.Muxina adına Leninqrad Ali Sənaye-İncəsənət Məktəbini (hazırda A.L. Ştiqlits adına Sankt-Peterburq Dövlət Sənaye-İncəsənət Akademiyası) bitirmişdi.

Onun rəsm əsərləri çoxşəkillidir, bəzən bir-biri ilə tamamilə ziddiyyət təşkil edən istiqamətləri təmsil edir. Məsələn, obyektiv realizm və həndəsi abstraksionizm, dramatik ekspressionizm və sentimental romantizm kimi.

1990-cı illərin sonu, 2000-ci illər rəssamın yüksək yaradıcılıq fəallığı dövrü idi. O, rəngkarlıqla olduqca çox və şövqlə məşğul olur, ancaq bu zaman “Muxinka”nın dərslərini də unutmurdu. Şüşə və güzgülərlə, ağac və metalla, sevimli saxsı ilə eksperimentlər keçirir, bütün bunlar texniki yeniliklərlə, eləcə də köhnə mövzuların yeni interpretasiyası ilə diqqəti cəlb edən hansısa “obyekt”lərin yaradılmasına aparıb çıxardırdı...

Sərgi müasir Azərbaycan incəsənətinin daha bir səhifəsini – Fərhad Həmzəliyevin yaradıcılıq irsini yenidən kəşf etməyə imkan verir.