Gənc caz ifaçılarının müsabiqəsinə yekun vurulub

Mədəniyyət Nazirliyi və “Jazz dünyası” jurnalı, “A+A Events” şirkəti və “The Landmark Hotel Baku”nun dəstəyi ilə keçirilən Bakı Caz Festivalı sənətsevərlərə yüksək zövq və xoş anlar bəxş edən konsert proqramları ilə davam edir.

Oktyabrın 16-da Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində “Rotunda Jazz Club”da tanınmış alman saksofonçusu Uve Şteynmetsin (Steinmetz) konserti olub. Almaniyanın hüdudlarından kənarda da məşhur olan saksofonçu xristian musiqisi elementlərini ehtiva edən avanqard musiqisi sayəsində tanınıb. Onun çıxışı tamaşaçıların böyük marağına səbəb olub.

Oktyabrın 17-də “Rotunda Jazz Club”da festivalın daha bir musiqi axşamı – “Magne Thormodsæter Eurasia Ensemble” kollektivinin konserti olub. Ansambl Azərbaycan, Qazaxıstan, Gürcüstan və Norveç musiqiçilərini birləşdirir. Kollektivin təqdim etdiyi musiqi caz janrının bu ölkələrin folklor musiqisi ilə vəhdətindən ibarətdir.

* * *

Oktyabrın 18-də isə festival çərçivəsində keçirilən (15-18 oktyabr) gənc caz ifaçılarının “Mən cazmenəm!” adlı beynəlxalq müsabiqəsinə yekun vurulub.

Beynəlxalq Muğam Mərkəzində müsabiqə qaliblərinin mükafatlandırılması və qala-konserti təşkil olunub. Cazmenlərin məharətli ifaları bu gün gənclər arasında musiqinin bu sahəsinə olan maraq və diqqətin yüksək olduğundan xəbər verir.

İfalardan sonra müsabiqə qaliblərinə mükafatlar təqdim edilib.

Birinci yerin qalibləri instrumental ifaçılıqda Aydın Zeydullayev (saksofon), vokalda isə Leyla İzzətova olub. Digər fərqlənənlər də diplomlar və fəxri fərmanlarla mükafatlandırılıblar.

Xatırladaq ki, oktyabrın 14-də başlanan Bakı Caz Festivalı oktyabrın 28-də sona çatacaq.

L.AZƏRİ