Bu il dünya ədəbi və mədəni ictimaiyyəti dahi yazıçı Çingiz Aytmatovun 90 illik yubileyini qeyd edir. Sözdən abidə ucaltmış yazıçının qələmindən çıxan əsərlər bütün dünyada sevilsə də, yaradıcılığı zaman və məkan fövqündə olsa da, hər halda o, ilk növbədə qırğız xalqının və türk dünyasının böyük oğludur. Elə oktyabrın 19-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə keçirilən sənət axşamı da Qırğızıstanın Xalq yazıçısı, keçmiş SSRİ-nin Sosialist Əməyi Qəhrəmanı, Lenin və üç dəfə Dövlət mükafatları laureatı Çingiz Aytmatovun yubiley tədbirləri silsiləsinin ən maraqlılarından biri kimi yadda qaldı.

Həmin axşam teatrda böyük yazıçının yaradıcılığının ilk dövründə qələmə aldığı “Cəmilə” povestinin motivləri əsasında hazırlanmış tamaşa qırğız dilində oynanıldı.

Tamaşadan əvvəl Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva dahi yazıçının yaradıcılığından söz açaraq Aytmatovun əsərlərində qırğız xalqının qədim və zəngin mədəniyyətinin, adət-ənənələrinin əksini tapmasından, vətənpərvərlik ruhunu daşıyan bu ədəbi nümunələrin bütün dünyada doğmalıqla qarşılanıb sevildiyini vurğuladı. O, tədbirin keçirilməsində dəstək olan Azərbaycan Mədəniyyət Nazirliyinə, Qırğızıstanın ölkəmizdəki səfirliyinə və Türkdilli Dövlətlərin Parlament Assambleyasına təşəkkür etdi.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında bu tədbirə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna minnətdarlıq edərək söylədi ki, belə tədbirlər qardaş türk xalqlarını bir-birinə daha da yaxınlaşdırır. Vurğuladı ki, Çingiz Aytmatov dahi nasir idi. Oxucuların pərəstiş etdiyi bu şəxsiyyət özündən sonra böyük irs qoyub, onun xatirəsi əbədi yaşayacaq.

Böyük yazıçının Azərbaycanı çox sevdiyini, dəfələrlə ölkəmizə səfər etdiyini xatırladan nazir onu da bildirdi ki, Mədəniyyət Nazirliyi Çingiz Aytmatovun  90 illik yubileyi münasibətilə dekabr ayında genişmiqyaslı tədbir keçirməyi planlaşdırır. Yubilyar ilə şəxsi tanışlığını xatırladan Əbülfəs Qarayev  türk dünyasının fəxri adlandırdığı yazıçının vida mərasimində iştirakını yada salaraq, belə şəxsiyyətlərin dünyadan köçməsinin əvəzedilməz itki olduğunu dedi.

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Çingiz Aytmatovla bağlı xatirələrini bölüşdü. O, böyük yazıçı ilə dünyanın müxtəlif ölkələrindəki görüşlərindən danışdı, Aytmatovun yaradıcılığında mənəvi dəyərlərin öndə olduğunu vurğuladı. 

Yubilyarın oğlu, diplomat və dövlət xadimi Əskər Aytmatov atası barədə xatirələrini  danışaraq, onun Azərbaycan və Bakıya bəslədiyi məhəbbəti yada saldı. İlk dəfə 8 yaşında atası ilə Bakıya gələn Əskər Aytmatov dedi: “İlk dəfə idi ki, xaricə səfər edirdim. Mən hələ o vaxt Bakını və Azərbaycanı ilk baxışdan sevdim, həmin sevgi həyatımla yanaşı davam edir. Bilirəm ki, sizin ölkənizdə atamın yaradıcılığının pərəstişkarı çoxdur. Bu, mənim üçün böyük şərəfdir. Əminəm ki, bu gün baxacağımız tamaşa da böyük uğur qazanacaq. Məhəbbət haqqında ballada olan “Cəmilə” povesti Çingiz Aytmatovun ən populyar əsərlərindən biridir”.

Tamaşanın prodüseri, “ASSOL” Holdinqin direktoru, vətənində daha çox teleaparıcı kimi tanınan Assol Moldokmatova “Çingiz üçün ağı” şeirini söyləyərək, “Cəmilə” povestinin müəllifi və tamaşa barədə öz fikirlərini paylaşdı. Kimsənin biganə qala bilmədiyi “Cəmilə”ni məhəbbət himni, qırğız qadınının himni kimi səciyyələndirən çıxışçı bu tamaşanı Bakıda nümayiş etdirməkdən fərəhləndiyini də söylədi.

Sonra Günay Əfəndiyeva Assol Moldokmatovaya Çingiz Aytmatovun əsərlərini bütün dünyada təbliğ etdiyinə, Əskər Aytmatova isə türk dünyasının inkişafına verdiyi töhfəyə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəxri diplomlarını, yazıçının oğluna həm də atasının portretini təqdim etdi. Assol Moldokmatova da öz növbəsində fondun prezidentinə xatirə hədiyyəsi verdi. 

... Hadisələri Böyük Vətən müharibəsi dövründə arxa cəbhədə, ucqar bir aulda cərəyan edən “Cəmilə” povesti əsasında hazırlanmış tamaşanın premyerası bu il mart ayının  29-da Bişkekdə oynanılıb. Quruluşçu rejissor Talant Apıyev əsərdə cərəyan edən bütün hadisələri üç əsas qəhrəmanın üstündə və cəmi üç aktyorun iştirakı ilə maraqlı tamaşa qura bilib. Rejissor hələ tamaşa hazırlanan dönəmdə yerli informasiya portallarına verdiyi müsahibələrində demişdi ki, o, bu ixtisara tamaşaçıların bütün diqqətini əsas qəhrəmanların üzərinə cəlb etmək üçün əl atıb. Tamaşa üçün iki aktyor heyəti seçilsə də, Bakıda rolları Aynura Akılbek qızı (Cəmilə), Ruslan Kurmanaliyev (Daniyar) və Sancar Sabırcan oğlu (Seit) ifa etdilər.

Artıq bir neçə teatr festivalında uğurla oynanılmış tamaşanı Bakıda da teatrsevərlər hərarətlə qarşıladılar. Seyrçilər arasında ölkəmizdəki diplomatik korpusun nümayəndələri, millət vəkilləri, dövlət və mədəniyyət xadimləri var idi.

Gülcahan MİRMƏMMƏD