Oktyabrın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli opera müğənnisi, pedaqoq, SSRİ Xalq artisti Lütfiyar İmanovun (1928-2008) anadan olmasının 90 illiyinə həsr edilmiş tədbir keçirildi.
Mədəniyyət Nazirliyi və filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşan mərasimə tanınmış mədəniyyət və incəsənət xadimləri, çoxsaylı sənətsevərlər qatılmışdı. Filarmoniyanın foyesində Lütfiyar İmanovun sənət yolundan bəhs edən fotosərgi nümayiş olunurdu.
Yubiley gecəsində çıxış edən Əməkdar incəsənət xadimi Zemfira Qafarova sənətkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verdi, onun vokal ifaçılıq sənətinin inkişafında müstəsna xidmətlərindən bəhs etdi. Bildirdi ki, Lütfiyar İmanovun klassik opera və xalq musiqisinin vəhdətindən bəhrələnən yüksək ifaçılıq məharəti Azərbaycan vokal sənəti tarixində yeni bir mərhələ təşkil edir. Onun adı opera sənəti salnaməsinə aparıcı partiyaların mahir ifaçısı kimi həmişəlik həkk olunub.
Vurğulandı ki, ömrünün yarım əsrə yaxın bir dövrünü opera ifaçılığına həsr edən Lütfiyar İmanov bu sənətdə daim öz dəst-xətti ilə seçilib. Tanınmış sənətkarın yüksək səhnə mədəniyyəti, aktyorluq məharəti və güclü səsi ona geniş repertuarla çıxış etməyə imkan verib. Onun Azərbaycan və dünya klassiklərinin şah əsərlərində ifa etdiyi partiyalar, yaratdığı obrazlar dolğunluğu, kamilliyi və təbiiliyi ilə səciyyələnib. Lütfiyar İmanov milli və dünya klassik opera nümunələri ilə yanaşı, müxtəlif konsert proqramlarında kamera-vokal əsərləri, romansları və xalq mahnılarını zövq və ustalıqla ifa edərək musiqisevərlərin rəğbət və məhəbbətini qazanıb.
Diqqətə çatdırıldı ki, Lütfiyar İmanov dərin tarixi köklərə malik Azərbaycan ifaçılıq məktəbinin inkişafı yolunda istedad və bacarığını əsirgəməyib. O, ölkəmizin hüdudlarından xeyli uzaqlarda, dünyanın ayrı-ayrı guşələrində mötəbər konsert salonlarındakı çoxsaylı çıxışları ilə Azərbaycan mədəniyyətini daim layiqincə təmsil edib və ona şöhrət gətirib. Görkəmli müğənninin zəngin yaradıcılığı yeni sənətkarlar nəsli üçün əsl örnəkdir. O, uzun illər ərzində pedaqoji fəaliyyətlə məşğul olaraq opera müğənnilərinin yetişdirilməsi işində diqqətəlayiq xidmətlər göstərib, zəngin sənət təcrübəsinin gənc musiqiçilər nəslinə çatdırılması üçün böyük əmək sərf edib.
Daha sonra Lütfiyar İmanovun həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olundu.
Tədbir konsert proqramı ilə davam etdi. Gecədə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin (bədii rəhbər – Xalq artisti Rauf Abdullayev) və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər – Xalq artisti Gülbacı İmanova) müşayiəti ilə solistlər sənətkarın repertuarından mahnılar, ariyalar səsləndirdilər.
Fariz HÜSEYNOV